“Mavi kitab” miniatür nəşrinin təqdimatı olub
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Miniatür Kitab Muzeyində Uqo Çavesin “Mavi kitab” miniatür nəşrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova nəşrin tarixindən söz açıb. Bildirib ki, ölçüsü 48x55 mm olan bu kitab 265 səhifədən ibarətdir. Miniatür kitabda 26 rəngli fotoşəkil yer alıb. Xüsusi zövqlə hazırlanmış kitabın forzasında Venesuelanın bayrağı və xəritəsi əks olunub.
“Mavi kitab” Miniatür Kitab Muzeyi tərəfindən Venesuelanın Kubadakı səfirliyinin dəstəyi ilə “İndiqo” mətbəəsində 100 nüsxə tirajla nəşr edilib.
Tədbirdə çıxış edən Venesuelanın İrandakı səfirliyinin birinci katibi Xayme Rondon nəşrin hər iki xalq arasında münasibətlərin yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, “Mavi kitab”ın rəhbər prinsipləri 1992-ci ildə tarixi partlayışa səbəb olmuş “Bolivarian inqilabı”nın lideri Uqo Çavesin Venesuelanın gələcəyi üçün nəzərdə tutduğu vətəndaş-hərbi doktrinası üçün aktualdır.
Bildirilib ki, Venesuelanın Prezidenti Nikolas Maduro “Mavi kitab”ın bu ölkənin 2013-2019-cu illər üçün milli planını müəyyənləşdirdiyini bəyan edib. Bu milli planın əsasında isə Simon Bolivarın milli layihəsi durur.
“Mavi kitab” Venesuelanın ali baş komandanı Uqo Çavesin fəaliyyət göstərməmişdən əvvəl düşünmək, məhsuldar təcrübənin yolunu işıqlandırmaq üçün azadlıq haqqında fikirlər doğurmaq kimi güclü inanclarına şahidlik edir.
Uqo Çaves sistemin siyasi, iqtisadi, sosial əsasını işləyən, bu baxışların həyata keçirilməsinin qayğısını çəkən insan olub.
“Mavi kitab”da Venesuela ictimaiyyətinin keçmiş iztirabları dəqiqliyi ilə əks olunub, xalqın üzünə gələcəkdə açılacaq imkanlar dünyası eyni dərəcədə təsvir edilib.
Tədbirdə bildirilib ki, Uqo Çaves öz işinin bilicisi, həmvətənlərinə öz tarixlərinin, azadlıq uğrunda mübarizənin varisləri olduqlarını hiss etdirən müqayisəolunmaz müəllim idi.
Kitab təsdiqləyir ki, Uqo Çaves təkcə Simon Bolivarın deyil, Simon Rodrigesin fəaliyyətinin və ideyalarının da davamçısı olub.
Mərasimdə tanınmış jurnalist Elmira Əliyeva, görkəmli yazıçı -publisist, Milli Məclisin deputatı Elmira Axundova təqdimatı keçirilən kitabın əhəmiyyətini, həmçinin Miniatür Kitab Muzeyinin ayrı-ayrı ölkələrin Azərbaycandakı səfirlikləri ilə sıx əməkdaşlığını yüksək qiymətləndiriblər.