MDB ekspertləri əmək bazarının formalaşdırılması Konsepsiyasının layihəsini tamamlayıblar
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin mənzil-qərargahında MDB iştirakçısı olan dövlətlərin ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyasının layihəsinin razılaşdırılması üzrə Ekspertlər qrupunun əlavə iclası keçirilib. İclasda Konsepsiyanın layihəsinə dair irad və təkliflər müzakirə edilib və ekspertlər sənədi razılaşdırıblar. AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sənədin müəyyən olunmuş qaydada MDB-nin İqtisadi Şurasının növbəti iclasında baxılmaq üçün təqdim edilməsi qərara alınıb.
Xatırladaq ki, ümumi əmək bazarının mərhələli formalaşdırılması və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi Konsepsiyanın aktuallaşdırılması və onun reallaşdırılması üzrə tədbirlər planının işlənib-hazırlanması (MDB ölkələrinin əmək potensialının rasional istifadəsi, eləcə də işçi qüvvəsinin sərbəst hərəkət etməsi, miqrantların müvafiq dövlətin tələblərinə və adətlərinə uyğunlaşdırılması üçün hüquqi və institusional şəraitin yaradılmasına razılaşdırılmış yanaşmaların müəyyən edilməsi) 2030-cu ilə qədər dövr üçün Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf Strategiyasının birinci mərhələsinin (2021-2025-ci illər) reallaşdırılması üzrə tədbirlər planında təsbit edilib.