MDB-nin Gənclər simfonik orkestrinin konserti olub
Daşkənd, 13 dekabr, AZƏRTAC
MDB-nin iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Daşkənddə keçirilən XV Forumu çərçivəsində Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası humanitar əməkdaşlıq fondunun ən böyük layihələrindən biri olan MDB-nin Gənclər simfonik orkestrinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsert Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrında baş tutub. Dirijor pultunun arxasında Rusiyanın Xalq artisti Sergey Skripka, gənc dirijorlar Murtuza Bülbül (Azərbaycan), Əlibek Kabduraxmanov (Özbəkistan) və Rəsul Klıçov (Türkmənistan) durub.
Orkestrin ifasında, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev də daxil olmaqla, MDB ölkələrindən olan bəstəkarların əsərləri səsləndirilib.
Daha sonra teatrın səhnəsinə Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu çıxıb. O, bütün postsovet məkanında tanınan müəllif əsərlərini ifa edib. Tamaşaçılar onun ifasını alqışlarla qarşılayıblar. “Pozvoni” mahnısını isə P.Bülbüloğlu tamaşaçılara daha yaxın olmaq üçün zala düşərək ifa edib və forumun iştirakçılarından olan onqat dünya çempionu, üçqat olimpiya çempionu İrina Rodninanı rəqsə dəvət edib.