MDB-nin mənzil-qərargahında ümumi əmək bazarının təşkil edilməsi haqqında sənədlər razılaşdırılıb
Minsk, 11 fevral, AZƏRTAC
Fevralın 10-11-də Minskdə, MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin ümumi əmək bazarının mərhələli təşkili və işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsi konsepsiyasının və 2015-2018-ci illərdə ümumi əmək bazarının təşkili və işçi qüvvəsinin tənzimlənməsi üzrə prioritet tədbirlərin layihələrinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.
Ekspertlər prioritet tədbirlər layihəsinin adının dəyişdirilərək, 2017-2020-ci illərdə ümumi əmək bazarının formalaşdırılması və işçi qüvvəsi miqrasiyasının tənzimlənməsi adlandırılması barədə qərar qəbul ediblər.
Konsepsiya layihələrini və prioritet tədbirləri tamamlayan və razılaşdıran iclas iştirakçıları qurumun İcraiyyə Komitəsinə bu sənədləri müəyyən olunmuş qaydada baxılması üçün MDB Hökumət Başçıları Şurasına təqdim etməyi təklif ediblər.
Sənəd layihəsi 2020-ci ilədək MDB-nin İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsi məqsədi ilə beynəlxalq normativ-hüquqi aktlar bazasında işlənib hazırlanıb.
Ümumi əmək bazarı işçilərin maraqlarını maksimum nəzərə alan hüquqi, iqtisadi və sosial şərait və mexanizmlərin yaradılmasını nəzərdə tutur. Onun yaradılması MDB ölkələrinin iqtisadi inkişafının mühüm amili olacaq və Birlik məkanında inteqrasiya proseslərinə qarşılıqlı faydalı əsasda kömək edəcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk