MDB ÖLKƏLƏRİ ƏRAZİSİNDƏ NƏQLİYYATDAN GÜZƏŞTLİ GEDIŞ-GƏLIŞ HÜQUQUNA MALİK ŞƏXSLƏRƏ TALONLAR VERİLİR
Sovet İttifaqı Qəhrəmanları və “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunanlar ildə bir dəfə dəmir yolu, çay, hava, dəniz və avtomobil nəqliyyatından pulsuz, I və II qrup Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslər ildə bir dəfə dəmir yolu və çay nəqliyyatından pulsuz, habelə hava, dəniz və avtomobil nəqliyyatından 50 faiz güzəştlə, III qrup Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulanlar ildə bir dəfə dəmir yolu, çay, hava, dəniz və avtomobil nəqliyyatından 50 faiz güzəştlə, I qrup Böyük Vətən müharibəsi əlillərini və onlara bərabər tutulanları müşayiət edən şəxslər ildə bir dəfə dəmir yolu, çay, hava, dəniz və avtomobil nəqliyyatından 50 faiz güzəştlə, Böyük Vətən müharibəsi iştirakçıları və onlara bərabər tutulanlar ildə bir dəfə dəmir yolu, çay, hava, dəniz və avtomobil nəqliyyatından 50 faiz güzəştlə, keçmiş SSRİ-nin müdafiəsi zamanı aldığı yara, kontuziya və digər zədə nəticəsində, yaxud hərbi xidməti yerinə yetirərkən və ya cəbhədə olması ilə əlaqədar xəstələnməsi nəticəsində həlak olmuş hərbçilərin valideynləri və dul arvadları ildə bir dəfə dəmir yolu və çay nəqliyyatından 50 faiz güzəştlə talon ala bilərlər.
Bildirilmişdir ki, artıq 24 min 247 talon alınmış və onlardan təqribən 2 mini paylanmışdır.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası sədrinin birinci müavini Ə.Baxışov demişdir ki, bu tədbirin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin veteranlara göstərdiyi böyük qayğının təzahürüdür. Göstərilən nəqliyyat növlərindən 50 faiz gediş-gəliş hüququna malik olan şəxslər həmin güzəştlərdən öz istəklərinə görə bir il istifadə etmədikdə, ikinci il yüz faiz güzəştlə gedib-gələ bilərlər. Həmçinin Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulanların dəmir yolu, hava, dəniz və ya avtomobil nəqliyyatında gediş-gəliş haqqının ödənilməsinin mövsümi güzəştləri (oktyabrın 1-dən mayın 15-dək) saxlanılır. I qrup Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulanlara rus dilində “Dlya soprovojdayuşeqo” sözləri yazılmaqla müşayiətçi üçün ikinci talon verilir.
Biz, veteranlar dövlətimizin qayğısına minnətdarlığımızı bildirir, öz təcrübə, bilik və bacarığımızı müstəqil respublikamızın daha da çiçəklənməsinə sərf edəcəyimizə söz veririk.