MDB ÖLKƏLƏRİ MƏDƏNİ ƏMƏKDAŞLIQ ŞURASININ XXI İCLASI
İclasın iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla andılar və məzarı önünə əklil qoydular. Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül-çiçək düzdülər.
Sonra onlar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş övladlarımızın xatirəsini yad etdilər və “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.
X X X
Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbiri açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini oxudu.
MDB-nin İcraiyyə Komitəsi sədrinin müavini Samat Ordabayev humanitar sahədə qarşılıqlı fəaliyyəti genişləndirməyin yüksək səviyyədə əməkdaşlığın öncül istiqaməti olduğunu qeyd edərək, son illər mədəni mübadilə üzrə görülən işlərdən danışdı. O dedi ki, birgə uzunmüddətli layihələrin gerçəkləşdirilməsi ilə məşğul olacaq Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu yaradılmasına dair təklif bəyənilmiş, iştirakçı ölkələrin 2010-cu ilədək olan dövrdə mədəniyyət sahəsində əsas tədbirlər planı hazırlanmışdır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məruzəsində Mədəni Əməkdaşlıq Şurasının ötən onillikdə iş planının həyata keçirildiyi barədə ətraflı məlumat verdi. Bildirildi ki, 20 iclas, 2 konqres keçirilmiş, 300-dək məsələyə baxılmış, sistemli kitabxanalararası abonoment, mədəni dəyərlərin ölkəyə gətirilməsi və ölkədən aparılması və digər məsələlər haqqında mühüm sənədlər qəbul olunmuşdur. Məqsədli işçi qrupları çərçivəsində fəal iş aparıldığı diqqətə çatdırıldı. MDB-nin üzvü olan dövlətlərdə mədəniyyətin qanunvericilik təminatının öyrənilməsi və müqayisəli təhlili üzrə, mədəni siyasət, gənclərin Delfi oyunları üzrə işçi qruplarının fəaliyyəti xüsusi qeyd edildi.
Nazir mədəni irsin, xüsusən münaqişə zonalarındakı mədəni abidələrin qorunub saxlanılması, habelə müəllif hüquqlarının, maddi və qeyri-maddi irsin mənsubiyyətinin müdafiəsi ilə bağlı bir çox problemlərin həlli üçün dövlətlər arasında davamlı, uzunmüddətli tərəfdaşlığa nail olmağın zəruriliyini vurğuladı. Xalqların mədəni dəyərlərinin təbliğinin və informasiyanın ən fəal vasitəsi kimi mədəni turizmin inkişafı məsələsinə də toxunuldu.
Sonra Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov “MDB-nin üzvü olan dövlətlərin humanitar sahədə əməkdaşlığı haqqında” məlumatla çıxış etdi.
İclasda MDB İcraiyyə Komitəsinin humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər departamentinin müşaviri Qalina Zalesskayanın “MDB-nin üzvü olan dövlətlərin 2010-cu ilədək mədəniyyət sahəsində əməkdaşlığının əsas tədbirlərinin həyata keçirilməsi haqqında”, Şuranın fəxri sədri, RF Federal Mədəniyyət və Kinematoqrafiya Agentliyinin rəhbəri Mixail Şvıdkoyun “MDB çərçivəsində bədii təhsil sahəsində elmi-metodik əməkdaşlıq haqqında”, Beynəlxalq Delfi Komitəsinin direktoru Vladimir Ponyavinin “MDB-nin üzvü olan dövlətlərin IV gənclər Delfi oyunlarının keçirilməsi haqqında” məruzələri və digər məlumatlar dinlənildi.
Sonda Şuranın sədri, Azərbaycanın mədəniyyət və turizm naziri Ə.Qarayev Şuranın növbəti, XXII iclasının gündəliyi, keçiriləcəyi yer və tarixi barədə məlumat verdi.