MDB ÖLKƏLƏRİNİN MƏDƏNİ ƏMƏKDAŞLIQŞURASININ XXI İCLASININ YEKUNLARINA DAİR MƏTBUAT KONFRANSI
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun mətbuat konfransında çıxışında bildirmişdir ki, Şuranın iclasında mühüm məsələlər müzakirə olunmuş, zəruri sənədlər qəbul edilmişdir.
Ə.Qarayev Azərbaycanda muzeylərin bərpası və yenilərinin açılması ilə bağlı aparılan işlərdən danışarkən bildirmişdir ki, son illərdə 20 yeni muzey açılmış, bir çoxları bərpa olunmuşdur. O vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev qarşıya ölkədə muzey işinin yenidən qurulmasına, diyarşünaslıq muzeylərinin fəaliyyətinə yeni tərzdə baxılmasına dair konkret vəzifələr qoymuşdur. Muzey dəyərlərinin qorunması, sistemləşdirilməsi, muzey-malikanə, tanınmış mədəniyyət xadimlərinin muzeyləri kimi yenilərinin yaradılması sahəsində Rusiya Federasiyasının topladığı böyük təcrübə son dərəcə əhəmiyyətlidir.
Bu məqsədlə Rusiya Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında muzey işi sahəsində əməkdaşlığa dair niyyət Protokolu imzalanmışdır. Tərəflər əsas istiqamətlər – sərgi mübadiləsi, konfrans, seminar və simpoziumların keçirilməsi, mədəni dəyərlərin mühafizəsi və bərpası, muzey kadrlarının ixtisasının artırılması, kompyuterləşdirmə və müasir texnologiyaların tətbiqi, beynəlxalq proqram və layihələr çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müvafiq dövlət qurumları və muzeylər arasında əməkdaşlığı yoluna qoymaq niyyətindədirlər.
Aleksandr Sokolov demişdir ki, onun 2004-cü ildə Azərbaycana səfəri kitabxanaçılıq işində əməkdaşlıq haqqında protokolun imzalanması ilə əlamətdar olmuşdur. Hazırda öz işimizi davam etdirir və mədəniyyətin bütün sahələrində təcrübə mübadiləsi aparmaq niyyətindəyik.
Əbülfəs Qarayev sonda bildirmişdir ki, bu il Şuranın sədri vəzifəsinin icrasını Azərbaycan davam etdirəcəkdir. Sabiq mədəniyyət naziri, hazırda ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuranın fəxri üzvü seçilmişdir.
Şuranın növbəti iclası gələn ilin yazında Minskdə keçiriləcəkdir.