MDU-NUN KİMYA FAKÜLTƏSİNİN DEKANI, AKADEMİK VALERİ LUNİNİN ÇIXIŞI
-Çox hörmətli İlham Heydər oğlu!
Əziz qonaqlar, əziz həmkarlar!
Bu gün Moskva Universitetində çox parlaq və təmtəraqlı bir hadisə baş verir - görkəmli dövlət xadimi, bizim böyük dostumuz İlham Heydər oğlu Əliyevə MDU-nun fəxri professoru diplomu və medalının təqdim olunması mərasimi keçirilir.
Moskva Universitetini Azərbaycan elmi və təhsili ilə çox sıx tellər bağlayır. Lap bu yaxınlarda, iki il əvvəl biz Azərbaycanda kimya elmi və təhsilinin banilərindən biri Yusif Heydər oğlu Məmmədəliyevin 100 illik yubileyinə həsr olunmuş birgə konfrans keçirdik. O, Moskva Universitetinin kimya fakültəsinin ilk azərbaycanlı məzunu, böyük müəllimi Nikolay Dmitriyeviç Zelinskinin sevimli şagirdi idi. Bütün sarsıntılara baxmayaraq, o vaxtdan əlaqələrimiz kəsilməmişdir. Mən Bakıda çox olmuşam, bu şəhəri çox sevirəm. Biz Bakıda Mendeleyev adına beynəlxalq olimpiada təşkil etmişdik, orada 16 dövlətin nümayəndələri iştirak edirdi və azərbaycanlı uşaqlar çox yaxşı çıxış etmişdilər. İndi bizim universitetdə Azərbaycandan gələn uşaqlar təhsil alır, onlar Mendeleyev adına beynəlxalq olimpiadanın qalibləri və mükafatçılarıdır. Mən deməliyəm ki, onların böyük əksəriyyəti diplom almaqla təhsilini başa vurmur. Adətən, onlar təhsillərini aspiranturada davam etdirir və uğurla dissertasiya müdafiə edirlər. Bu mərhələdə də Sizin köməyiniz çox əhəmiyyətlidir. Onlar Azərbaycan Prezidentinin təqaüdünü alır və təhsillərinin bu çox mühüm hissəsini davam etdirə bilirlər. Düşünürəm ki, bunu layiqincə qiymətləndirmək çətindir.
Son illər bir neçə kimya elmləri doktoru MDU-da dissertasiya müdafiə etmişdir, başqa sözlə, bizim fəaliyyətimiz, bizim qəlbimiz və ürəyimiz Azərbaycan Respublikası ilə bağlıdır. Özü də kimya Azərbaycan cəmiyyətində həm biliyin, həm də fəaliyyətin əsas sahəsidir. Ona görə də bu gün bu yüksək adın verilməsi münasibətilə Sizi təbrik etməkdən şərəf duyuram və mənim üçün çox xoşdur. Siz bu ada tamamilə layiqsiniz, hamımıza xoşdur ki, Siz kollektivin, buraya toplaşanların münasibətini hiss edirsiniz. Düşünürəm ki, yaradılan filial gələcəkdə konkret məzmunla dolğunlaşacaqdır. O, Sizin fəal dəstəyiniz və iştirakınızla yaradılmışdır, bizim alimlər və müəllimlər isə əllərindən gələni edəcəklər ki, o, Moskva Universitetinin Azərbaycan Respublikasında layiqli nümayəndəsi olsun. Bakı Universitetinin rektoru isə kimya fakültəsinin yetirməsi, bizim böyük dostumuz Abel Məhərrəmovdur.
Çox sağ olun.
V.SADOVNİÇİ: İlham Heydər oğlu, mən artıq qeyri-rəsmi olaraq demək istəyirəm ki, Şuranın iclasının gedişindən görünəcək ki, Moskva Universitetində bütün əsas vəzifələri ya azərbaycanlılar, ya da Azərbaycandan olanlar tuturlar. Ona görə də bundan sonra çıxış edənlərin hamısının Sizin ölkənizlə əlaqəsi var.
Mən çıxış etmək üçün sözü Moskva Universiteti birləşmiş həmkarlar ittifaqı komitəsinin sədri, professor, MDU-nun kafedra müdiri İqor Borisoviç Kotlobovskiyə vermək istərdim.