MƏCRASINDAN ÇIXMIŞ KÜR ÇAYININ SUYU SABİRABAD RAYONUNUN SAHİL BOYUNDAKI 2 KƏNDİ BASMIŞDIR
Sabirabad, 8 may (AZƏRTAC). Mayın 7-də son illər ərzində suyunun gurluğu yüksək həddə çatmış Kür çayı Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətində iki mühafizə bəndini yararaq bu yaşayış məntəqəsi daxil olmaqla Sabirabad rayonunun Qaragüney və Dadaşbəyli kəndlərini basmışdır. Son iki gündə çayda suyun səviyyəsi normadan çox yuxarı olmuş, rayonun 9 kəndi ciddi təbii fəlakətlə üzləşmişdir.
Rayon fövqəladə hallar komissiyasının sədri Vəfadar Bağırovun verdiyi məlumata görə, böhran zonasında ciy kərpicdən və digər yüngül materialdan tikilmiş yüzlərlə ev uçmuş, 10 min hektardan artıq əkin sahəsi məhv olmuş, Şirvan-Sabirabad avtomagistralı bağlanmış, Bakı-Horadiz dəmir yolu xətti üçmaq təhlükəsi qarşısında qalmışdır.
Respublika Fövqəladə hallar Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin çoxlu sayda canlı qüvvə və texnikası, Daxili İşlər Nazirliyinin çevik birləşmələri, on minlərlə yerli sakin təbii fəlakətin miqyasının böyüməsinin qarşısını almaqla məşğuldur. Su basmasına məruz qalmış və təhlükə qarşısında olan yaşayış məntəqələrinin əhalisi təhlükəsiz yerlərə evakuasiya edilir. Yalnız bir nəfər sakinin suda boğularaq itkin düşdüyü söylənilir.
Baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev və respublikanın digər səlahiyyətli orqanlarının rəhbərləri hadisə yerindədirlər. İlkin operativ müşavirə keçirilərək təbii fəlakətin böyüməsinin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilmişdir. Hazırda son dərəcə gərgin iş görülərək yeni bəndlər vurulur, daşqın daha təhlükəsiz istiqamətə yönəldilir.