MƏDƏNİ İRSİ QORUYUB SAXLAYAQ
BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİNDƏ MƏTBUAT KONFRANSI
“Olaylar” qəzetinin redaktoru Yunus Oğuz təkrarsız ifaçılıq ənənələri, qafiyə üslubu olan və əsrlər boyu təkmilləşən Azərbaycan aşıq sənətinin nadir poeziya forması kimi dünya mədəni irsinə və Ginnessin Rekordlar kitabına daxil edilməsi xahişi ilə YUNESKO-ya müraciətin məqsədi barədə məlumat vermişdir.
Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova, AMEA-nın Folklor İnstitutunun əməkdaşı Elxan Məmmədov, Yazıçılar Birliyinin katibi Qənirə Mehdixanlı və başqaları dərvişlərin, ozanların, aşıqların nəsildən-nəslə ötürdükləri və həmişə əsil xalq yaradıcılığı olmuş bu sənət növünün nadirliyindən danışmışlar. Muğam kimi, aşıq poeziyasının da dünyada geniş təbliğinin, şifahi və qeyri-maddi irsin inciləri sırasına daxil edilməsinin vacibliyi vurğulanmışdır.
Qeyd olunmuşdur ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanın ratifikasiyasında bildirmişdir ki, siyasi sabitliklə yanaşı, Azərbaycanın əsrlər boyu qorunub saxlanmış mədəni irsi, musiqisi, adət-ənənələri də müstəqilliyimizin təminatçısıdır.