MƏDƏNİYYƏT
“Mədəniyyət beşiyi – Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib
Bakı, 5 may, AZƏRTAC
Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda, xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə musiqi, bədii qiraət və rəsm sənət növləri üzrə “Mədəniyyət beşiyi - Şuşa” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin 1-ci turu 2022-ci il aprelin 20-dək rayon nümayəndəlikləri tərəfindən müvafiq olaraq Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında keçirilib.
Müsabiqənin 2-ci turu (final) isə aprelin 29-da Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib və ümumilikdə 52 nəfər (12 nəfər rəsm nominasiyası üzrə, 12 nəfər bədii qiraət nominasiyası üzrə, 28 nəfər isə musiqi nominasiyası üzrə) uşaq, yeniyetmə və gənclər iştirak edib.
İştirakçılar hər bir nominasiya üzrə müvafiq olaraq təyin edilmiş 5 nəfər münsif tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib və münsiflər heyətinin verdikləri qiymətlərə əsasən qaliblər müəyyənləşdirilib.
Qalibləri mükafatlandırma mərasimindən öncə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, doğma Şuşamızın Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın, musiqimizin beşiyi, eləcə də həmişə bu ənənələrin əsasını qoyanların tarixi vətəni olduğundan söz açıb.
Sonda qaliblər Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərman və mükafatları ilə təltif ediliblər.