CƏMİYYƏT
“MədəniyyətimİZ” layihəsinin növbəti qonağı Xalq artisti Əlixan Səmədov olacaq
Bakı, 6 sentyabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü tanınmış balaban ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlixan Səmədov ilə keçiriləcək.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcək görüşdə Xalq artisti qədim və zəngin mədəni dəyərlərə, irsə malik balaban alətinin incəliklərindən, milli ifaçılıq ənənələrinin inkişafından bəhs edəcək. Tədbir müddətində, həmçinin “Ümummilli Lider Heydər Əliyevin peşəkar Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai-siyasi fəaliyyəti”, “Balaban alətinin dünya ictimaiyyətinə təbliğində gənclərin rolu” və “Təhsildə yeni, innovativ yanaşmalar: yaradıcı sənayenin inkişafı kontekstində milli ifaçılıq üslubu ənənələrinə baxış” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində Xalq artisti Əlixan Səmədovun ifasında sevilən əsərlər, həmçinin gənc musiqiçilərin ifasında müxtəlif musiqi nümunələri təqdim ediləcək.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/dzEGJ link vasitəsilə qeydiyyatdan keçə bilərlər.