Media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi təşkil edilib
Bakı, 19 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial jurnalistika” təlimi keçirilib.
AZƏRTAC xəbər verir ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə təşkil olunan təlimdə 14 media qurumundan jurnalistlər iştirak ediblər.
“Məzuniyyət hüququ” mövzusuna həsr edilən təlimdə iştirakçılara əmək məzuniyyəti, sosial məzuniyyət, təhsil məzuniyyəti və ödənişsiz məzuniyyət növləri, eləcə də Əmək və Məşğulluq altsistemindəki (ƏMAS) yeniliklər haqqında ətraflı məlumat verilib. Media nümayəndələrinin bu mövzuda sualları cavablandırılıb.
Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədilə vorkşop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
“Sosial jurnalistika” təlimlərinin təşkil edilməsində məqsəd media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması, bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi və media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.