MƏHƏLLƏLƏRARASI MİNİ FUTBOL TURNİRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 13-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və “Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) təşkilatçılığı ilə 1995-1996-cı il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin (VRİOEUGFM) meydançasında ATV-nin kuboku uğrunda məhəllələrarası mini futbol turnirinə yekun vurulmuşdur.
Turnirin bağlanış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu, ATV-nin vitse-prezidenti Natiq İbrahimov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Əliyev və başqaları çıxış edərək bildirmişlər ki, yarışın keçirilməsindən məqsəd ölkə başçısı tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun
inkişafına dair Dövlət Proqramı”nın müddəalarının yerinə yetirilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradılmasından ibarətdir.
Ölkəmizdə futbolun kütləviləşməsi, gənc nəslin idmana marağının artırılması, istedadlı uşaqların üzə çıxarılması baxımından belə turnirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayan natiqlər söyləmişlər ki, sonralar şöhrət qazanan futbolçuların əksəriyyətinin istedadı bir çox hallarda məhz məhəllə futbolunda üzə çıxır.
Bildirilmişdir ki, yarışlarda yaxşı oyunu ilə seçilən futbolçular diqqət mərkəzində saxlanılacaq və onların bu sahədə uğur qazanmaları üçün hər cür şərait yaradılacaqdır
İki yarımqrupda dairəvi sistem üzrə keçirilən turnirdə 14 komanda mübarizə aparmışdır.
Yarışda Binəqədi qəsəbəsinin “Xudafərin” komandası birinci, VRİOEUGFM-nin “Bakı-Kaspi” komandası ikinci, Biləcəri qəsəbəsinin futbolçuları isə üçüncü yeri tutmuşlar.
Qalib komandalara, ATV Teleradio Şirkəti, AFFA və BŞGİBİ tərəfindən kubok, diplom və müxtəlif hədiyyələr təqdim edilmişdir.
Sonda qalib komandaların futbolçuları ilə xatirə şəkli çəkdirilmişdir.