Məhkumlara narkomaniyanın zərərli təsirləri barədə məlumat verilib
Bakı, 19 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 6 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Komissiyanın işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.
Maarifləndirmə tədbirində narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu sahədə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.
Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.
Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb.