Məhkumların şeirlərindən ibarət “Zaman – ömürdür keçər” kitabının təqdimatı olmuşdur
Bakı, 28 dekabr (AZƏRTAC). İnsan haqlarının etibarlı təmin olunmasına daim xüsusi diqqət yetirən Prezident İlham Əliyevin humanizm siyasəti nəticəsində respublikamızda böyük tərbiyəvi xarakter daşıyan əfv və amnistiya institutları geniş tətbiq olunur. Bununla yanaşı, cəza siyasəti humanistləşdirilərək əhalinin kövrək təbəqələri olan məhkumların hüquq və imtiyazları xüsusi qanunla xeyli genişləndirilmiş, inkişaf etmiş müasir cəmiyyətlərdə rast gəlinən məhkumların qısamüddətli məzuniyyəti kimi humanizm addımının ölkəmizdə istifadəsinə başlanılmışdır.
Eyni zamanda, məhbusların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülərək, o cümlədən cəzaçəkmə müəssisələrdə kompyuter və xarici dil kursları keçirilir.
Dekabrın 28-də Bakıda Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Penitensiar xidmət müəssisələrində cəza çəkən məhkumların şeirlərindən ibarət “Zaman - ömürdür keçər” kitabının təqdimatı olmuşdur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Milli Məclisin deputatları, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, ictimaiyyətin, hüquq mühafizə və digər dövlət orqanlarının nümayəndələri, nazirliyin məsul şəxsləri, habelə şeirlərin müəllifləri olan bir qrup məhkum və onların ailə üzvləri iştirak etmişlər.
Mərasimi giriş sözü ilə açan ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov tədbirin İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2006-cı ildə qəbul olunduğu məhz bu tarixi gündə keçirilməsinin respublikamızda həssas qrupa daxil olan məhkumların hüquqlarının qorunmasına göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu vurğulamış, ölkəmizin başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sistemdə aparılan köklü islahatlar barədə məlumat vermişdir.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, parlamentin deputatı Elmira Axundova, Xalq Şairi Zəlimxan Yaqub və digər çıxış edənlər tədbirin təşkil olunmasını penitensiar sistemində əldə olunmuş yüksək nailiyyətlərin nümunəsi kimi qiymətləndirərək, ölkəmizdə hər kəsin hüquq bərabərliyinin, söz və mətbuat azadlığının təmin olunduğunu vurğulamışlar. Həmçinin, müasir penitensiar infrastrukturun yaradılmasının, məhkumların maraqlarının təhsil və biliyə, müasir texnologiyalara yiyələnməyə yönəldilməsinin, onların azad cəmiyyətə sağlam mənəviyyatlı insanlar kimi qayıdışlarının təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur.
Sonra məhkumların törətdiyi cinayət əməllərinə görə keçirdikləri peşmançılıq hisslərini, azadlığa qovuşmaq istəklərini əks etdirən şeirləri dinlənilmişdir. Bu, onların islah olunması və sosial reabilitasiyası istiqamətində aparılan tərbiyə işinin real nəticəsidir.
Tədbirin sonunda məhkumlara hədiyyələr təqdim olunmuşdur. Kitabın təqdimat mərasimində iştirak edənlər, həmçinin penitensiar sistemdə islahatlara həsr olunmuş xüsusi stend və nazirliyin nəşrləri ilə tanış olmuş, məhkumların əl işlərindən ibarət guşəyə baxmışlar.
######
![]() |
![]() |

