Məktəbdə “MərkəzdəSiz” layihəsi çərçivəsində növbəti görüş
Bakı, 18 aprel, AZƏRTAC
Paytaxtdakı 143 nömrəli tam orta məktəbinin reallaşdırdığı “MərkəzdəSiz” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Məktəbin Şagird Parlamentinin iştirakı ilə həyata keçirilən layihənin budəfəki qonaqları Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi olub.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdən öncə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Zəfər tarixini əks etdirən barelyefin açılışı olub.
Tədbirdə çıxış edən məktəbin direktoru Rübabə Abdullayeva “MərkəzdəSiz” layihəsi barədə ətraflı məlumat verib.
BŞTİ-nin müdir müavini Anar Məmmədov savadlı, dünyagörüşlü, cəmiyyətə faydalı şəxsiyyətlər kimi yetişmələri üçün məktəblilərə bir sıra vacib tövsiyələr verib. Hadisələrə məntiqli yanaşmaq və imkanları fürsətə çevirməyin önəmindən danışan A.Məmmədov bildirib ki, uğur qazanmaq üçün ağıl, ruh və bacarıq əsas rol oynayır. Məktəbliləri cəhd etməkdən çəkinməməyə çağıran A.Məmmədov başqalarının uğur yolunun ən böyük motivasiya qaynağı olduğunu vurğulayıb.
“Əvvəlki sən olma, yeni sən yarat” mövzusunda çıxış edən C.Mənsimi şagirdlərə uğura gedən yolda qarşıya çıxan çətinliklərlə mübarizə aparmağın, yeni ideya və məqsədlər formalaşdırmağın yollarından danışıb, müəllifi olduğu “Uğur kitabı”nı məktəblilərə hədiyyə edib.
Qeyd edək ki, “MərkəzdəSiz” layihəsinin əsas məqsədi X-XI sinif şagirdlərinə ixtisas seçimi, karyera planlamasına dair tövsiyələr vermək, peşəyə yönəlməyə təsir edən amillər, uğura gedən yolun sirləri, müstəqil qərar vermək bacarıqlarının formalaşdırılması istiqamətində dəstək olmaqdan ibarətdir.