MƏMMƏDBAĞIR MƏMMƏDƏLİ OĞLU BAĞIRZADƏ
Məmmədbağır Bağırzadə 1950-ci il iyul ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1970-ci ildə Nardaran qəsəbə klubunda xalq çalğı alətləri ansamblının bədii rəhbəri kimi başlayan istedadlı müğənni zəhmətsevərliyi sayəsində qısa müddət ərzində tanınmış və dinləyicilərin böyük məhəbbətini qazanmışdır. O, 1979-cu ildə A.Zeynallı adına Musiqi Texnikumunun muğam şöbəsində xalq artisti Əlibaba Məmmədovun sinfində dərs almış, daha sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.
Müxtəlif illərdə Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışan Məmmədbağır Bağırzadə öz ecazkar səsi ilə milli musiqi xəzinəmizi zənginləşdirən ifaçılar sırasına daxil olmuş, Azərbaycanın qüdrətli sənətkarlarının layiqli davamçısına çevrilmişdir.
Müğənni rəhbərlik etdiyi “Dilkəş” instrumental ansamblı ilə respublikanın bütün bölgələrində çıxış etmiş, hər yerdə rəğbətlə qarşılanmışdır. Muğam ifaçılığımızın gözəl ənənələrini ləyaqətlə qoruyub yaşadan istedadlı müğənni, eyni zamanda, özünün original bəstələri ilə Azərbaycan musiqisini daha da inkişaf etdirmiş, sənəti ilə xalqa ləyaqətlə xidmət göstərmişdir. Məmmədbağır Bağırzadə öz ifası ilə istər bəstəkar mahnılarını, istərsə də xalq mahnılarını və muğamları minlərlə dinləyiciyə sevdirə bilmişdir.
O, 1985-ci ildən ömrünün sonuna qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində solist kimi çalışmışdır.
Tanınmış müğənni öz istedadını dünyanın müxtəlif ölkələrində - Almaniyada, Misirdə, Hindistanda, Şri-Lankada, Əlcəzairdə, Macarıstanda, Fransada, Norveçdə, Türkiyədə, İranda, habelə keçmiş SSRİ məkanında keçirilən mədəniyyət günlərində məharətlə çıxış etmiş, milli musiqimizin təbliğində öz bacarığını göstərmişdir.
İfaçılıq sənətindəki uğurlarına görə Məmmədbağır Bağırzadə 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2002-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Tanınmış sənətkar, gözəl insan Məmmədbağır Məmmədəli oğlu Bağırzadənin işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi,
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyəti
X X X
Mərhumun cənazəsi vidalaşmaq üçün 2005-ci il noyabrın 1-də saat 13.00-dan 15.00-dək Azərbaycan Dövlət Mahnı Teatrının binasında (R.Behbudov küçəsi, 12) qoyulacaqdır.