MƏDƏNİYYƏT
“Mən azərbaycanlıyam” adlı tədbir-sərgi keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunmuş “Mən azərbaycanlıyam” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Fəridə Şəmsi 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyini bildirib. Qeyd olunub ki, bununla da xalqımız XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşduğunu bəyan edib.
Muzeydə keçirilən sərgidə AzMİU-nun tələbələrinin bu tarixi günü əks etdirən 50-dək əl işi nümayiş olunub.
Tədbirdə universitetin tələbə həmkarlar ittifaqı komitəsinin sədri Bayram Aslanov, bu ali məktəbin tələbəsi Məryəm Kərimova gənclərin Ulu Öndərin ideyalarına sadiqliyindən danışıblar.
Sonda universitetin “Gənclərin Respublika Bədii-Yaradıcılıq Evi”nin üzvləri hazırladıqları rəqs və musiqi çələngini təqdim ediblər.