Məqsəd növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırmaqdır
Bakı, 7 iyul (AZƏRTAC). Əgər 2001-ci ildə Azərbaycan 400 min turist qəbul etmişdisə, hazırda bu rəqəm 2,5 milyonu ötməkdədir. Əsas məqsədimiz növbəti 5 ildə Azərbaycana gələn turistlərin sayını 4 milyona çatdırmaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, hazırda bu xidmət sahəsində çalışanların peşəkarlıq səviyyəsi artırılır. Azərbaycanda üçulduzlu otellərin sayı o qədər də çox deyildir. Bu da yalnız sərbəst sərmayəçilərin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Artıq ölkəmizdə 4-5 ulduzlu mehmanxanaların sayı kifayət qədərdir. İndi sərmayəçilər daha çox üçulduzlu mehmanxana tikməyə üstünlük verirlər.
Ə.Qarayev vurğulamışdır ki, bəzi sahibkarlar bu işə lazımi qədər məsuliyyətlə yanaşmırlar. Əgər onlar bizim tövsiyələrimizi yerinə yetirmirlərsə, deməli, biz daha ciddi inzibati tədbirlər görməliyik. Ötən il təxminən 6-7 şirkətin və otelin lisenziyası ləğv edilmişdir. “Bakı 2015” birinci Avropa Oyunlarına hazırlıq dövründə isə turizm müəssisələrinin lisenziyalaşdırılması məsələsinə xüsusi diqqətlə yanaşılır. Çünki məqsədimiz Avropa Oyunlarına qədər Azərbaycanda bütün mehmanxanaların lisenziyalaşdırılmasına nail olmaqdır.
Nazir hazırda yay turizm mövsümü ilə əlaqədar monitorinqlərin davam etdirildiyini vurğulamışdır.