Mərakeş qəzetlərində ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc edilib
Rabat, 12 may, AZƏRTAC
Mərakeşin geniş oxucu kütləsinə malik ərəbdilli “əl-İslah və ət-Tənmiyə” qəzetinin 13 may tarixli nömrəsində “Heydər Əliyev və ərəb dünyası” adlı məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Mərakeşdəki səfirliyindən məlumat verilib.
Məqalədə Ulu Öndərin həyat yolundan bəhs edilir, onun keçmiş SSRİ-də müxtəlif rəhbər vəzifələrdə çalışdığı qeyd edilir, müstəqil Azərbaycanın banisi olduğu və xalqımızın xatirəsində silinməz iz qoyduğu bildirilir.
Müəllif ümummilli lider Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyini, həmin dövrlərdə Azərbaycanı çətin sınaqlardan məharətlə çıxardığını, ölkənin daxili və xarici siyasətində mühüm islahatlar apardığını, ölkə iqtisadiyyatını uğurla inkişaf etdirdiyini vurğulayır, məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq arenada tanınmağa başladığını, müxtəlif ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırır, 1994-cü ildə bağlanmış “Əsrin müqaviləsi” ilə Ulu Öndərin Azərbaycan neft strategiyasının əsasını qoyduğunu bildirir.
Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edən müəllif öz zəngin tarixi və maddi-mənəvi dəyərləri ilə Azərbaycanın İslam dünyasına töhfəsini verdiyini bildirir, Ulu Öndərin hakimiyyəti illərində ölkədə İslam abidələrinin bərpa edildiyini, məscidlərin və ibadətgahların inşasına başlanıldığını qeyd edir və Ümummilli Liderin İslam dəyərlərinə bağlı olduğunu və müxtəlif dini tədbirlərdə şəxsən iştirak etdiyini vurğulayır.
Müəllif Heydər Əliyevin İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini qeyd edərək Ulu Öndərin 1994-cü ildə Səudiyyə Ərəbistanı Krallığına səfərini və səfər zamanı müqəddəs torpaqları ziyarət etdiyini diqqətə çatdırır. 1994-cü ilin sentyabrında Qahirəyə səfərini və 1994-cü ilin dekabr ayında Kasablanka şəhərində keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının konfransında iştirak etmək məqsədilə Mərakeşə səfərini xatırladır.
Müəllif Ulu Öndərin Mərakeşə səfəri zamanı mərhum Kral II Həsən, Küveyt Əmiri, İordaniya Kralı və bir sıra ərəb liderləri ilə ikitərəfli görüşlər keçirdiyini və bununla da Azərbaycan-ərəb dünyası əlaqələrinin və ikitərəfli əməkdaşlığının bünövrəsinin qoyulduğunu bildirir.
Bu gün Azərbaycanın İslam dünyası və ərəb ölkələri ilə möhkəm dostluq əlaqələrinə malik olduğunu oxucuların nəzərinə çatdıran müəllif müstəqil Azərbaycanın İslam dünyasının ən nüfuzlu təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatı, qurumun müxtəlif institutları, xüsusilə də ISESCO ilə sıx əməkdaşlıq etdiyini və bu qurumların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini birmənalı şəkildə dəstəklədiyini vurğulayır.
Sonda müəllif Heydər Əliyev ideyalarının bu gün də yaşadığını və bu ideyaların Azərbaycanın tarixi və dini əlaqələrə malik olduğu İslam dünyası və ərəb ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinə xidmət etdiyini bildirir.
x x x
Mərakeşin aparıcı “Bəyən əl-Yaum” qəzetinin 12 may tarixli nömrəsində “Müstəqil Azərbaycan ilə İslam dünyası və ərəb dövlətləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi...Heydər Əliyev və ərəb dünyası” adlı məqalə dərc edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilir, 1965-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işlədiyi, general-mayor rütbəsinə qədər yüksəldiyi və SSRİ məkanında Heydər Əliyevə qədər heç bir azərbaycanlının belə yüksək vəzifəyə təyin edilmədiyi qeyd olunur.
Müəllif Ulu Öndərin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçildiyini və daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildiyini diqqətə çatdırır.
Ümummilli Liderin 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti seçildiyi bildirilir, onun Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin qorunması üçün yorulmaz səylər göstərdiyi, müstəqil dövlət quruculuğu yolunda köklü dəyişikliklər və islahatlar apardığı qeyd edilir.
Məqalədə Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq arenada fəal rol oynamağa başladığı, xalqın sosial və iqtisadi rifahının yaxşılaşdırılması üçün mühüm islahatlar aparıldığı və həyata keçirilən müdrik siyasət nəticəsində Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrildiyi qeyd olunur.
Müəllif Heydər Əliyevin Azərbaycanın neft strategiyasının əsasını qoyduğunu, 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə bağlanmış “Əsrin müqaviləsi” ilə Azərbaycan neft sənayesinin inkişafına xüsusi təkan verildiyi diqqətə çatdırılır.
Daha sonra Azərbaycan-İslam dünyası və ərəb dövlətləri münasibətlərinə toxunan müəllif Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu qeyd edir, Ulu Öndərin hakimiyyəti illərində ölkədə İslam abidələrinin bərpa edildiyini, məscidlərin və ibadətgahların inşasına başlanıldığını bildirir, Ümummilli Liderin İslam dəyərlərinə bağlı olduğunu və müxtəlif dini tədbirlərdə şəxsən iştirak etdiyini vurğulayır.
Müəllif Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti illərində İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verildiyini qeyd edərək, onun 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanı Krallığına səfərini və səfər zamanı müqəddəs torpaqlara ziyarətini, daha sonra BMT-nin təşkil etdiyi “Dünya əhalisi və inkişaf” mövzusunda keçirilmiş konfransda iştirak etmək üçün 1994-cü ilin sentyabrında Qahirəyə səfərini xatırladır.
1994-cü ilin dekabr ayında Kasablankada keçirilmiş İslam Konfransı Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının VII konfransında iştirak etmək məqsədilə Heydər Əliyevin Mərakeşə səfəri və səfər çərçivəsində mərhum Kral II Həsən, Küveyt Əmiri, İordaniya Kralı başda olmaqla, bir sıra ərəb liderləri ilə ikitərəfli görüşlər keçirdiyi və bununla da Azərbaycan-Mərakeş, Azərbaycan-ərəb dünyası əlaqələrinin və ikitərəfli əməkdaşlığının bünövrəsinin qoyulduğu vurğulanır və Azərbaycan-İslam və ərəb dünyası əməkdaşlığının inkişaf etdirilməsinin Heydər Əliyevin yürütdüyü xarici siyasət kursunun əsas prioritet istiqamətlərindən biri olduğu qeyd edilir.
Məqalədə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrindən də bəhs olunur.
x x x
Ermənistan tərəfindən nüvə və digər radioaktiv materialların yayılması ilə bağlı faktları ehtiva edən məlumat Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetinin 12 may tarixli nömrəsində dərc olunub.
Məlumatda müxtəlif illərdə nüvə və radioaktiv materialların, habelə nüvə yanacağı tullantılarının qaçaqmalçılığında ittiham olunaraq erməni vətəndaşlarının və ya erməni xüsusi xidmət orqanları əməkdaşlarının həbs olunduğu və qonşu dövlətlərin ərazisində Ermənistan vətəndaşlarının iştirakı ilə dəfələrlə radioaktiv materialların qaçaqmalçılığı ilə məşğul olan qrupların ifşa olunduğu diqqətə çatdırılır. Bu qruplardan bəzilərinin hətta 2003-2010-cu illərdə yüksək zənginləşdirilmiş uranı və Sezium 137 materialını Ermənistan ərazisindən çıxarmağa cəhd etdiyi, 2016-cı ilin aprel ayında isə Gürcüstan ərazisində tutulan 3 nəfər Ermənistan vətəndaşından ibarət qrupun hər bir üzvünün əvvəllər Metsamor AES-də çalışdığı, eləcə də həmin qrup tərəfindən qara bazarda milyon dollarla qiymətləndirilən uranın (238) Yaxın Şərq regionuna satılmasının planlaşdırılması barədə faktlar qəzet oxucuların nəzərinə çatdırılır. Qeyd edilən maddələrin Ermənistan tərəfindən partlamaqla radioaktivlik yayan “çirkli bombalar”ın hazırlanmasında istifadə edilməsi mümkünlüyü qeyd olunur, Ermənistan və Metsamor AES-dən irəli gələ biləcək risklərin regionun nüvə təhlükəsizliyinə mənfi təsir edəcəyi bildirilir, nəzarətsiz radioaktiv mənbələrin insan sağlamlığına, ətraf mühitə ciddi zərər vurması üçün müəyyən potensiala malik olması, bu maddələrin dəmir və metal zibil zavodlarında əridildiyi zaman ağır ekoloji və iqtisadi nəticələrə gətirib çıxara bilməsi ehtimalı nəzərə çatdırılır və qanunsuz atılan radioaktiv mənbələrin aradan qaldırılması məsələsinin vacibliyi vurğulanır.