MƏRDƏKAN DENDRARİSİNİN 80 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ BOTANİKA KONFRANSI KEÇİRİLMİŞDİR
Konfransa gəlmiş qonaqlar və iştirakçılar əvvəlcə Mərdəkan dendrarisi ilə tanış olmuşlar.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov iclası giriş sözü ilə açaraq Mərdəkan dendrarisi yaranmasının 80 illiyi münasibətilə kollektivi təbrik etmiş, beynəlxalq konfransın işinə uğurlar arzulamışdır. Rusiya, Ukrayna, Makedoniya, Gürcüstan və digər ölkələrin nümayəndələrinın təbrikləri oxunmuş, “Mərdəkan dendrarisi” filmi nümayiş etdirilmişdir.
Beynəlxalq konfransın ümumi iclasına AMEA-nın Biologiya bölməsinin akademik-katibi, akademik Musa Musayev sədrlik etmişdir.
Mərdəkan dendrarisinin direktoru, biologiya elmləri doktoru Tofiq Məmmədov “Mərdəkan dendrarisinin tarixi inkişaf yolu”, Rusiyanın Petrozavodsk Dövlət Universiteti botanika bağının direktoru, biologiya elmləri doktoru Aleksey Proxorov “Botanika bağlarının genetik bitki ehtiyatlarını səfərbərliyə alması və məlumat texnikası”, AMEA Botanika İnstitutunun direktoru, akademik Vahid Hacıyev “Azərbaycanın flora və bitkiçiliyi”, Ukrayna Milli Elmlər Akademiyasının “Sofiyevka” Milli Dendroparkının direktoru, biologiya elmlər doktoru İvan Kosenko “Sofiyevka” Milli Dendroparkı - 210 il”, Tbilisi Mərkəzi Botanika Bağının direktoru, akademik Cəmşid Kereselidze “Tbilisi ətrafında introduksiya olunmuş ağac bitkilərinin invaziyası”, Makedoniyanın Bitola botanika bağının direktoru, professor Nikola Xristovski “Bitolanın mühafizəsi, tələb olunan bəzi ağac və kol bitkiləri” mövzularında məruzələr etmişlər.
Konfransın bölmə iclaslarında botanika bağlarının genofondun mühafizəsi və biomüxtəlifliyin bərpasında aparıcı rolu, şəhər ekosisteminin qurulması, yaşıllaşdırmanın ekoloji amilləri, landşaft memarlığında yaşıllaşdırmanın elmi əsaslarla layihələndirilməsi mövzularında 22 məruzə dinlənilmişdir.