Mərkəzi Bank banklarla birgə ictimai birliklər üçün maarifləndirici vebinarlar təşkil edir
Bakı, 5 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, rəqəmsal ödənişlərə dair maarifləndirmə və təbliğatın gücləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən iş yerlərində, eyni zamanda, qeyri-hökumət təşkilatları və ictimai birliklərdə rəqəmsal ödənişlərə dair maarifləndirici vebinarlar keçirilir. Qeyd olunan Dövlət Proqramına əsasən, bu tədbirlərin banklarla birgə, bank mütəxəssislərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub.
AMB-dən AZƏRTAC-a bildirilib ki, vebinarlar “Maliyyə Savadlılığı ayı” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi və “Azərbaycan Gənclərinin Nailiyyəti /Junior Achievement Azerbaijan” İctimai Birliyinin əməkdaşları üçün keçirilib. Vebinarlarda “Expressbank” ASC-nin əməkdaşları tərəfindən “Ödəniş kartları ilə əməliyyatlar” və “Pulköçürmələri” haqqında ətraflı məlumatlar verilib, mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Mərkəzi Bankın təşəbbüsü ilə ictimai birliklər və qeyri-hökumət təşkilatlarının əməkdaşları üçün rəqəmsal ödənişlərə dair, eləcə də müxtəlif dövlət və özəl təşkilatların, biznes strukturlarının işçi heyətinin maliyyə bilikləri və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərin gələcəkdə də təşkil edilməsi nəzərdə tutulur.