Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilib
Bakı, 28 iyul, AZƏRTAC
İyulun 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçən iclasda Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.
Dövlət Xidməti Sərəncamın icrasını müvəffəqiyyətlə davam etdirir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsini həyata keçirir. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin görüldüyü diqqətə çatdırılıb. Çağırışçıların tibb müəssisələrində əlavə müayinələrdən keçirilməsinə nəzarətin gücləndirilməsi və tibbi şəhadətləndirmə işinin keyfiyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ali rəhbərliyi ilə reallaşdırılan strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi ilə bağlı Xidmət tərəfindən qısa müddətdə zəruri işlərin görüldüyü qeyd olunub.
Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yaradılıb və rayon (şəhər) çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.