MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA ÖDƏNİŞSİZ EFİR VAXTININ BÖLGÜSÜ İLƏ BAĞLI PÜŞKATMA KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, senytabrın 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, iclasda 15 oktyabr prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü cədvəlinin dərc edilməsinə dair məsələ müzakirə olunmuşdur. Bu məsələ barədə məlumat verən komissiyanın sədri bildirmişdir ki, sentyabrın 17-dən etibarən prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqatı başlanır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 77.2-ci maddəsinin tələbinə görə, həmin namizədlərə ictimai teleradio təşkilatları tərəfindən ödənişsiz əsaslarla efir vaxtı ayrılmalıdır. Seçki Məcəlləsinin 189.2-ci maddəsinin tələbinə əsasən, ödənişsiz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılmışdır. Qanunda namizədlər üçün həftə ərzində ictimai televiziya və radioda azı 3 saat pulsuz efir vaxtının verilməsi nəzərdə tutulmuşdur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyi ilə müzakirələr zamanı razılığa gəlinmişdir ki, namizədlərə televiziya və radionun hər birinin efirində 3 saat olmaqla, həftə ərzində ümumilikdə 6 saat efir vaxtı ayrılsın. Dəyirmi masalar həftənin I, III, V günləri radioda, II, IV, VI günləri isə televiziyada təşkil olunacaqdır. Dəyirmi masalarda hər namizəd üçün 8 dəqiqə 35 saniyə vaxt ayrılacaqdır.
Sonra püşkatma komissiyası İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının namizədlər arasında bölgüsü məqsədi ilə püşkatma keçirmişdir. Püşkatmanın nəticələri protokollaşdırılmışdır.
MSK 15 oktyabr prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü cədvəlinin mətbuatda dərc edilməsini qərara almışdır.
Komissiyanın iclasında ATƏT DTİHB-in seçkiləri müşahidə missiyasının üzvləri, ATƏT-in Bakı ofisinin, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Milli Demokratiya İnstitutunun təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.