MESE MİLLİ OLİMPİADASININ İLKİN HAZIRLIQ MƏRHƏLƏSİ BAŞLANACAQ
Təşkilatdan AZƏRTAC-a bildirmişlər ki, Ümumdünya Gənclərinin Nailiyyəti təşkilatının yerli təmsilçisi olan AGN ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və fərdi donorların dəstəyi ilə 2000-ci ildən bəri keçirilən AMİT proqramı ölkənin 20 bölgəsində 180 şəhər və rayon məktəbini əhatə edir. Oktyabr ayının 2-dən MESE olimpiadasının ilkin hazırlıq mərhələsi başlanacaqdır. Layihənin məqsədi şagirdlərə real biznes qərarlarının qəbul edilməsi prosesini göstərmək, biznesin və şirkətin yaradılması, lazımi səviyyədə idarə edilməsi, azad sahibkarlığa olan marağın artırılmasıdır.
İlkin hazırlıq mərhələsində proqramda iştirak edən şagirdlərin siyahısı müəyyən ediləcəkdir. Oktyabrın 12-dən MESE olimpiadası keçiriləcək məktəblər məlum olacaqdır. Oktyabrın 22-də Gəncə şəhərində ilk mərhələ oyunu, oktyabrın 29-da isə Bakı şəhərində oyunun ikinci mərhələsi keçiriləcəkdir. İki qrup mərhələsində qalib gələn komandalar üçüncü mərhələdə, yəni yarımfinalda iştirak etmək hüququ qazanacaqlar. Yarımfinal mərhələsi noyabrın 26-da Bakıda keçiriləcək və qaliblər finala çıxacaqlar. Bütün finalçılar və qaliblər mükafatlandırılacaq, finalçılara sertifikatlar veriləcəkdir. Birinci və ikinci yeri tutan komandalar Ümumdünya Biznes Olimpiadasında iştirak edəcəklər.