MƏŞHUR ALMAN DİRİJORU PONELLİ FİLARMONİYADA KONSERT VERMİŞDİR
Filarmoniyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, P.D.Ponelli avstriyalı, dünya söhrətli dirijor Herbert fon Karayanın tələbəsidir. Ponelli eyni professionallıqla həm konsert səhnəsində simfonik orkestrlərə, həm də opera tamaşalarına dirijorluq etmişdir. Dünyanın ən məşhur orkestrlərinə dirijorluq edən Ponelli İspaniya, Almaniya, Braziliya, İtaliya, Rumıniya, Yunanıstan, Fransa, İngiltərə, Polşa və Rusiyanın möhtəşəm səhnələrində böyük uğurlar qazanmışdır. Məşhur sənətkar Bakıya ilk dəfə 2002-ci ildə gəlmiş, Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Cüzeppe Verdinin “Aida” operasına böyük məharətlə dirijorluq etmişdir. Bakıdakı ilk uğurlu çıxışı onun yenidən şəhərimizə, bu dəfə Azərbaycan Dövlət simfonik orkestri ilə birlikdə konsertə dəvət edilməsinə səbəb olmuşdur.
Qeyd olunmuşdur ki, konsertdə Bethovenin 4 saylı simfoniyası, Q.Qarayevin “7 gözəl” baletindən süita, Ştrausun “Uçan yarasa” operettasından uvertüra ifa edilmişdir.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu, Milli Məclisin deputatları və digər rəsmi şəxslər konsertdə olmuşlar.