MƏDƏNİYYƏT
Məşhur avstriyalı rəssamın portreti rekord məbləğə satılıb
![](/files/galleryphoto/2023/2/1200x630/1688466656443230545_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16884666562069030644_1200x630.jpeg)
Bakı, 4 iyul, AZƏRTAC
Avstriyalı simvolist rəssam Qustav Klimtin “Yelpikli qadın” (Dame mit Fächer) tablosu hərracda rekord məbləğə satılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, pişiklərə və qadınlara pərəstiş edən rəssam Qustav Klimtin 1917-1918-ci illərdə yaratdığı portret 85,3 milyon funt-sterlinqə (108,7 milyon dollar) alınıb.
“Yelpikli qadın” Avropada hərracda indiyə qədər satılan ən bahalı sənət əsəri kimi qeyd olunub. Bunu Londonda “Sotheby's” hərrac evinin keçirdiyi hərrac nəticələri sübut edir. Bundan əvvəl hərracda satılan sənət əsərləri arasında Avropa rekordu isveçrəli Alberto Cakomettinin “Gəzən adam” bürünc heykəlinə məxsus idi. Həmin heykəl 2010-cu ildə 65 milyon funt-sterlinqə (ovaxtkı məzənnə ilə 104,3 milyon dollar) satılmışdı.
“Yelpikli qadın" əsəri Q.Klimt tərəfindən yaradılmış son portretdir. O, bu işini uzun sürən xəstəlik nəticəsində qəfil ölümündən bir müddət əvvəl tamamlayıb, lakin bu ölüm ona bir çox rəsmlərini tamamlamağa imkan verməyib.
Qeyd edək ki, “The Times” qəzetinin yazdığına görə, bu hərracın nəticəsi rəssam Q.Klimtin əsərləri üçün rekord göstərici deyil. Belə ki, onun “Adel Bloch-Bauer” portretinin çinli bir sahibkar tərəfindən 150 milyon dollara alındığı iddia edilir.