Məşhur futbol klublarının faydalandıqları vergi güzəştləri qanunazidd hesab edilib
Bakı, 10 mart, AZƏRTAC
Avropa İttifaqının (Aİ) ali məhkəməsi hesab olunan Avropa Ədalət Divanı İspaniyadakı bəzi futbol klublarının faydalandıqları vergi güzəştləri ilə bağlı məhkəmə prosesini başa çatdırıb.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, məhkəmə “Barselona”, “Real Madrid”, “Atletik Bilbao” və “Osasuna” klublarının mənfəət qazanmaq məqsədi daşımayan müəssisə kimi fəaliyyət göstərərək digər idman klubları ilə müqayisədə daha az vergi ödəmələrinin qanunazidd olduğu və adları çəkilən komandaların digərlərinə qarşı üstün vəziyyət əldə etdikləri barədə qərar çıxardıb.
Avropa Komissiyasının komandaların ödənilməmiş vergi fərqlərinin geri qaytarılması tələbini düzgün hesab edən Avropa Ədalət Divanı birinci instansiya məhkəməsinin qərarını ləğv edib.
Sözügedən 4 klub uzun illər boyunca mənfəət qazanmaq məqsədi daşımayan müəssisə kimi fəaliyyət göstərərək 25 faiz dərəcəsi ilə vergi ödəyirdi. Digər komandaların ödədiyi verginin dərəcəsi isə 30 faizdir.
Ədalət Divanının bu qərarı ləğv etməsi ilə məşhur İspaniya klubları büdcəyə milyonlarla avro əlavə vergi ödəməli olacaq.