Milli atüstü oyunlar festivalında yaylıq, papaq və sürpapaq oyunları üzrə qaliblər müəyyənləşmişdir
Şəki, 6 may (AZƏRTAC). Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalı davam edir.
AZƏRTAC xəbər verir ki, mayın 2-də başlanan festivalda yaylıq, papaq və sürpapaq oyunları üzrə qaliblər artıq müəyyənləşmişdir. Yaylıq oyunu üzrə yarışda Xaçmaz rayonunun komandası qalib adını qazanmışdır. Sonrakı yerləri Goranboy və Qəbələ komandaları tutmuşlar. Zaqatala təmsilçiləri dördüncü olmuşlar.
Papaq oyunu üzrə yarışın qalibi isə İsmayıllı komandası olmuşdur. Oğuz və Qax komandaları ikinci və üçüncü pillələrdə qərar tutmuşlar. Yevlax komandası yarışı dördüncü pillədə başa vurmuşdur.
Mayın 6-da sürpapaq milli oyunu üzrə yarışlara da yekun vurulmuşdur. Finalda Ağstafa və Ağdam komandaları qarşılaşmışlar. Rəqiblərini 7:3 hesabı ilə məğlub edən Ağstafa komandası sürpapaq oyunu üzrə yarışların qalibi adını qazanmışdır. Bu yarışda üçüncü yerə Laçın rayonunun təmsilçiləri çıxmışlar. Şəki komandası dördüncü yerlə kifayətlənməli olmuşdur.
Çövkən oyunu üzrə finalçılar da artıq müəyyənləşmişdir. Mayın 7-də keçiriləcək final oyununda Ağcabədi və Bakının “Sərhədçi” komandaları qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyunda isə Bakının “Polad” komandası Balakən təmsilçilərini 2:0 hesabı ilə məğlub etmişdir.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalına mayın 7-də yekun vurulacaqdır.