MİLLİ AVİASİYA AKADEMİYASINDA MUSİQİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Milli Aviasiya Akademiyasında “Üzeyir Hacıbəyov və mülki aviasiyamız” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Mülki Aviasiya Muzeyinin direktoru Şəmsəddin Axundov Üzeyir Hacıbəyovun Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yanaşı, ölkəmizin mülki aviasiyasına da dəyərli töhfələr verdiyini diqqətə çatdırmışdır. Bu, Azərbaycan ictimaiyyətinə və musiqi aləminə yenicə məlum olan, 1942-ci ildə nota alınmış “Aviatorlar marşı”dır. Bildirilmişdir ki, Ü.Hacıbəyovun müəllifi olduğu həmin marş Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Yusif Axundzadənin dirijorluğu ilə Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında səsləndirilərək diskə yazılmışdır. Bu əsər Azərbaycan mülki aviasiyasının 70 illik yubileyi tədbirində marş kimi qəbul edilmişdir.
Çıxış edənlər dahi bəstəkarın yaradıcılığından danışaraq onun dünya opera sənətində layiqli yer tutduğunu vurğulamışlar. “Koroğlu” istisna olmaqla, bütün opera və operettalarının mətninin Ü.Hacıbəyovun özü tərəfindən yazıldığı vurğulanmışdır. Dahi bəstəkarın yaratdığı “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” dərin insani duyğuları ifadə edən gözəl səhnə əsərləridir.
Tədbir “Aviatorlar marşı”nın səsləndirilməsi ilə yekunlaşmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]