Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidlərinə məxsus əşyalar təhvil verilib
Bakı, 1 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidləri Nadir Xəlilov və Cavid Sahratova məxsus əşyalar təhvil verilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, şəhidlərin əşyaları muzeyin baş mütəxəssisi Nüşabə Əsədova vasitəsilə muzeyə təhvil verilib.
Nadir Xəlilov 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. 2005-ci ildən başlayaraq gizir rütbəsilə tank komandiri vəzifəsində xidmət edib. “Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib. O, Vətən müharibəsində qəhrəmancasına döyüşüb, sentyabrın 30-da şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Cavid Sahratov 1981-ci ildə Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 9-da şəhid olub. C.Sahratov 8 orden və medal və 9 fəxri fərman alıb.