MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Murtuz Ələsgərov bildirmişdir ki, Azərbaycan ölkələrimiz və xalqlarımız arasında tarixi kökləri olan əlaqələrin inkişafına böyük əhəmiyyət verir. İki dost və qonşu ölkənin siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin xüsusi rolu vardır.
Milli Məclisin sədri xatırlatmışdır ki, İran ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla bərabər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işini də beynəlxalq qurumlarda müdafiə edir, Ermənistanın təcavüzkarlığını pisləyən qətnamə və qərarları imzalayır. Murtuz Ələsgərov demişdir ki, biz bu sahədə İranın dəyişməz mövqeyini alqışlayır və inanırıq ki, o, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması barədə Azərbaycanın tələbini bundan sonra da dəstəkləyəcəkdir. O, ölkələrimizin parlamentlərinin əlaqələrindən də söhbət açmışdır.
Mənuçehr Mottəki iki ölkə arasında münasibətlərin inkişafından razı qaldığını bildirərək vurğulamışdır ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu əlaqələrin möhkəmlənməsinə böyük əhəmiyyət verir.
Nazir ölkəsinin regionda baş verən hadisələrə münasibəti, qonşuları barədə yeritdiyi siyasət, atom enerjisindən sülh məqsədi ilə istifadə etmək niyyəti barədə də fikirlərini açıqlamışdır.
Cənab Mottəki demişdir ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Mən bu gün Prezident İlham Əliyevlə görüş zamanı da dedim ki, biz bu sahədə əlimizdən gələni etməyi özümüzə borc bilirik.
Qonaq ölkəsinin iş adamlarının maşınqayırma, dərman istehsalı və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləmiş, bu sahələrdə vergi və gömrük güzəştlərinin vacibliyini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.