MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Səfiri təyinatı münasibətilə təbrik edən Milli Məclisin sədri demişdir ki, ABŞ Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələr qurulduqdan sonra münasibətlərimiz sürətlə inkişaf etməyə başlamışdır. Dövlətlərimizin başçılarının səyləri sayəsində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu əlaqələrin inkişafına müstəsna əhəmiyyət verir. Dövlətimizin başçısının bu ilin aprelində ABŞ-a səfəri zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar münasibətlərimizi daha da genişləndirmiş və möhkəmləndirmişdir. ABŞ-ın Bakı-Tbilisi–Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinə və digər irimiqyaslı layihələrə dəstək verməsi Azərbaycanda yüksək qiymətləndirilir.
Oqtay Əsədov parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişaf etdiyini və bu sahədə Milli Məclisdə və ABŞ Konqresində yaradılmış işçi qruplarının rolunu xüsusi vurğulamışdır.
Milli Məclisin sədri xanım Ann Dersə yeni vəzifədə fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Ann Ders Azərbaycan xalqının qonaqpərvərliyindən, respublikamızda keçirdiyi görüşlərdən məmnun qaldığını bildirmişdir. Diplomat demişdir ki, ABŞ Konqresi müstəqil, güclü parlamentlə əlaqələr qurmaqda maraqlıdır. Bu əlaqələr demokratik inkişaf üçün əsas şərtlərdən biridir. Xanım A.Ders Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, eləcə də demokratik inkişafı yüksək qiymətləndirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.