MİLLİ MƏCLİSİN DEPUTATI GÜRCÜSTANLI SOYDAŞLARIMIZLA GÖRÜŞÜB
O, AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir ki, konfransda Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin nümayəndələri iştirak edirdilər. Dəvət olunmasına baxmayaraq, ermənilər bu görüşə gəlməmişdilər. Şərqi Avropa və Cənubi Qafqaz ölkələri sosialist düşərgəsindən çıxdığından problemlərin eyniliyi müşahidə olunur. Fərqli cəhət Şərqi Avropa ölkələrinin Avropa İttifaqına və NATO-ya inteqrasiyasıdır. Ona görə də Şərqi Avropa ölkələrinin bizi dəstəkləməsi vacibdir. Bu baxımdan çalışdıq ki, konfrans iştirakçılarına Azərbaycan barədə ətraflı məlumat verək, Dağlıq Qarabağ münaqişəsi, ərazilərimizin ermənilər tərəfindən zəbt edilməsi, Ermənistanın heç bir beynəlxalq normaya sığmayan işğalçılıq siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının doğma yurdundan didərgin salınması barədə onlarda təsəvvür yarada bildik.
Q.Paşayeva bildirdi ki, Heydər Əliyev Fondunun ingilis və alman dillərində nəşr etdirdiyi “Qarabağ həqiqətləri”, Milli Təhlükəsizlik Nazirliyinin hazırladığı “Erməni torroru” kitabları konfrans iştirakçılarına paylandı. İşğal altında olan torpaqlarımızda ermənilərin törətdikləri vəhşiliklər, həmin ərazilərə qəsdən od vurulması, xaricdən gələn ermənilərin Dağlıq Qarabağa qeyri-qanuni məskunlaşdırılması faktları narazılıqla qarşılandı.
Milli Məclisin deputatı qeyd etdi ki, konfrans iştirakçıları getdikcə reallığa çevrilən Şərq-Qərb dəhlizi, enerjidaşıyıcıları ilə zəngin olan ölkəmizin sürətli iqtisadi inkişafı, Azərbaycan rəhbərliyinin ölkədə və bölgədə sabitliyin təmin olunmasına yönəldilmiş siyasi xətti barədə də məlumatlandırılmışdır.
O, Gürcüstana səfər çərçivəsində burada azərbaycanlıların yığcam məskunlaşdığı bölgələrə getmiş, soydaşlarımızın yaşayışı və problemləri ilə tanış olmuşdur. Q.Paşayeva soydaşlarımızı əmin etmişdir ki, Azərbaycan rəhbərliyi, şəxsən Prezident İlham Əliyev onlara daim qayğı və diqqət göstərirlər.
Q.Paşayeva Gürcüstan parlamentinin üzvü, Gürcüstan Prezidentinin müşaviri Marika Verulaşvili ilə görüşmüş, soydaşlarımızın qaldırdıqları problemləri onun nəzərinə çatdırmışdır.