Milli Məclisin deputatları Almaniyada bir sıra görüşlər keçiriblər
Bakı, 11 may, AZƏRTAC
Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev və deputat Rasim Musabəyov Berlinə səfər çərçivəsində bir sıra görüşlər keçiriblər.
Səfər çərçivəsində nümayəndə heyəti Almaniyanın Federal Kansler Aparatının Orta, Şərqi və Cənub-Şərqi Avropa, habelə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə ikitərəfli əlaqələr üzrə referatının rəhbəri ilə görüşüb.
Həmin gün Almaniya hökumətinin xaricdə təhsil siyasəti, Almaniyanın kommunikasiya və mədəniyyətlərarası dialoq üzrə müvəkkili ilə ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.
Deputatlar Bundestaqın Avropa İttifaqı məsələləri komitəsinin, həmçinin AŞPA-dakı Almaniya nümayəndə heyətinin üzvləri, Solçular (Die Linke) fraksiyasının Avropa siyasəti məsələləri üzrə sözçüsü ilə də görüşüblər. Görüşdə Azərbaycanın və Almaniyanın beynəlxalq müstəvidə əməkdaşlığı sahəsində bir sıra məsələlər müzakirə edilib.
Milli Məclisin deputatları səfər çərçivəsində Almaniya Bundestaqının xarici əlaqələr komitəsinin sədr müavini, ATƏT və AŞPA-dakı Almaniya nümayəndə heyətlərinin üzvləri olan SPD (Sosial Demokratlar Partiyası) və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) fraksiyasının deputatları ilə də görüşüblər.
Elm və Siyasət Fondunda Cənubi Qafqaz regionu üzrə ekspertlərlə görüşən nümayəndə heyəti daha sonra Bundestaqın İdman Komitəsində CDU/CSU fraksiyasının idman məsələləri üzrə sözçüsü ilə görüş keçirib.
Deputatlar Xarici Siyasət üzrə Alman Cəmiyyətində təşkil olunan ictimai tədbirdə də iştirak ediblər.