Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Dövlət qulluğu haqqında” Qanunda, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət məcəllələrində dəyişikliklər edilməsi, habelə H.Q.Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunması haqqında qanun layihələri müzakirəyə çıxarılıb.
Komitənin sədri Əli Hüseynli iclasın gündəliyi barədə məlumat verib.
Qanun layihələrini təqdim edən deputat Rafael Cəbrayılov “Dövlət qulluğu haqqında” Qanunda ediləcək dəyişiklikləri diqqətə çatdırıb. Qeyd olunub ki, test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, imtahanın təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanına qatılmaq üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Müsahibənin keçirilməsi haqqında elan sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər KİV-lərdə verilir. Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 5 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun iki nümayəndəsi daxil edilməklə yaradılır. Bu komissiya üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi onun nəticələrinin araşdırılması üçün əsasdır. Müsahibə komissiyasının reqlamenti, o cümlədən tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirilmənin aparılması qaydası və keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İclasda qeyd olunub ki, Cəzaların İcrası Məcəlləsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununa uyğunlaşdırılması məqsədilə bir sıra dəyişikliklər nəzərdə tutulub. Belə ki, 32-ci maddənin mətni “Müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəzanın icrası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır” redaksiyasında veriləcək. 157-ci maddənin mətni “Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanın icrası müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanır” kimi əksini tapacaq.
Bildirilib ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən həmin məcəllənin 214-1-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsində “terror aksiyalarının” sözləri “terror aktlarının” sözləri ilə və “terror aksiyası” sözləri “terror aktı” sözləri ilə əvəz ediləcək.
Sonra Hümbət Qamuna oğlu Səlimovun Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.
Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.