SİYASƏT
Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib
Bakı, 16 may, AZƏRTAC
Mayın 16-da Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda “Məlumat azadlığı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycana qarşı terror aktları bu günə kimi davam edir. Beynəlxalq alyansların çox məsuliyyətli və vicdanlı üzvü olan Azərbaycan terrora qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirir. Respublikamız terrora məruz qalan ölkə kimi, bu bəlaya qarşı mübarizənin ön sıralarında yer alır. Terror deyilən bəlanı insanlığın, bəşəriyyətin, dünya dövlətlərinin həyatından silmək getdikcə daha da çətinləşir və bu proses hələ də davam etməkdədir.
Qeyd olunub ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Məlumat azadlığı haqqında” Qanunu “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır ki, “Məlumat azadlığı haqqında” Qanunun 10-cu maddəsinin birinci və ikinci hissələrində “terror aksiyalarına” sözləri “terror aktlarına” sözləri ilə əvəz edilsin.
Sonra qanun layihəsi haqqında müzakirələr aparılıb və deputatlar fikir və təkliflərini səsləndiriblər.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.