Milli Məclisin növbəti plenar iclası keçirilib
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Milli Məclisin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan edib.
Əvvəlcə deputat Sona Əliyeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən azad edilərək İnsan Hüquqları komitəsinin üzvü seçilib.
İclasda “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun, “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi haqqında qanun layihələri müzakirə edilib.
Bununla yanaşı, “İnzibati icraat haqqında” Qanunda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli Sərəncamına əsasən “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnamələrdə, Azərbaycan Respublikasının Miqrasiya və Cəzaların İcrası məcəllələrində dəyişikliklər edilib.
İclasda Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Bildirilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Prezidenti tərəfindən parlamentə təqdim edilib. Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədilə meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətlə bağlı 79-cu maddədə müvafiq dəyişiklik edilib. Maddənin təklif olunan redaksiyasında bildirilir ki, meşə qanunvericiliyinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb olunan şəxslər həmin torpaqları müəyyənləşdirilmiş müddətdə azad etməlidirlər. Qüvvədə olan mətndə isə “inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər” göstərilir. Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsində torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə konkret cəza tədbiri müəyyənləşdirilib.
“Hesablama Palatası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, sənədin 6-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsində “İqtisadi siyasət” sözləri “İqtisadi siyasət, sənaye və sahibkarlıq” sözləri ilə əvəz ediləcək.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi bu qanunun 17.4-cü maddəsində dəqiqləşdirilmə aparılması məqsədilə hazırlanıb. Belə ki, sənədin 17.4-cü maddəsində “(qeyri-yaşayış sahəsinin)” sözləri “və ya qeyri-yaşayış sahəsinin” sözləri ilə əvəzlənəcək.
İclasda, həmçinin “İcra məmurları haqqında” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri nəzərdən keçirilib.
“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədə “Məsafədən idarə edilən pilotsuz uçan aparatlar” məzmununda 18-ci maddə əlavə olunub.
İclasda, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinə də baxılıb. Dəyişikliyə əsasən, Məcəllənin 91-ci maddəsinin 2-ci hissəsinə “hamilə və yaşyarımadək uşağı olan qadınlar” sözlərindən sonra “və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər” sözləri əlavə edilib.
Plenar iclasda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Qanununda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə edilib.
Bundan başqa, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələrinə də baxılıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsinə dair qanun layihəsinə əsasən sənədə yeni məzmunda 212.6-cı maddə əlavə edilib.
Deputatlar “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini də nəzərdən keçiriblər. “Elm haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirilib ki, ötən müddətdə ölkədə və beynəlxalq aləmdə baş verən proseslər, elm sahəsindəki yeniliklər nəzərə alınmaqla layihə xeyli təkmilləşdirilərək müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Sənədə bir sıra yeni müddəalar, o cümlədən innovasiya və sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr əlavə edilib. Azərbaycan Milli Elmlər Akademiyasının yeni qurumlar yaratmaq funksiyaları, ekspedisiya təşkili və digər məsələlər layihədə əksini tapıb. Dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması və bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Yəni, qrant hesabına, elmin inkişafı üçün gərəkli, lakin ölkədə istehsal edilməyən zəruri avadanlığın güzəştli şərtlərlə, yaxud da vergilər tətbiq olunmadan respublikaya gətirilməsi kimi məsələlər təkliflər arasında yer alıb. Yeniliklərdən biri də magistr hazırlığı ilə bağlıdır ki, təhsilin bu pilləsinin iki hissəyə ayrılması təklif olunub. Belə ki, magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilib.
Qeyd edilib ki, bu, gələcəkdə gəncləri elm sahəsinə üz tutmaq üçün həvəsləndirəcək. Eləcə də layihədən dövlət təhlükəsizliyinə dair istiqamətlər istisna olmaqla, elmi fəaliyyətin bəzi sahələrinə qoyulan məhdudiyyətlər çıxarılıb.
Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul olunub.