MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA AZƏRBAYCANIN MİLLİ MARAQLARINA XİDMƏT EDƏN BİR SIRA SAZİŞLƏR TƏSDİQLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclasında Azərbaycan Respublikası ilə Türkmənistan, İordaniya Haşimilər Krallığı, İndoneziya və Koreya Respublikası hökumətləri arasında dostluq və strateji tərəfdaşlıq, beynəlxalq avtomobil əlaqələri, beynəlxalq kombinə edilmiş yükdaşımaları, standartlaşma, metrologiya, sertifikatlaşdırma və akkreditasiya sahəsində, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, eləcə də sərmayələrin qarşılıqlı təşviqi və qorunması, diplomatik və xidməti pasportlara malik vətəndaşların vizasız gediş-gəlişi, iqtisadi və texniki əməkdaşlıq haqqında saziş və qanun layihələri müzakirə olunmuşdur.
Müzakirələrdə bildirilmişdir ki, Azərbaycanın sürətli iqtisadi inkişafı onun xarici siyasətinə də müsbət təsirini göstərir. Adıçəkilən ölkələrlə bu cür sənədlərin imzalanması və təsdiqlənməsi Azərbaycanın xarici ticarət dövriyyəsinin artmasına xidmət etməklə yanaşı, onun etibarlı tərəfdaş olduğunu göstərir.
Deputatlar layihələrin Azərbaycanın milli maraqlarına uyğun gəldiyini bildirmiş və sənədlərin təsdiqlənmək üçün Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyinə çıxarılması barədə qərar qəbul etmişlər.
İclasda, həmçinin “Notariat haqqında”, “Nəqliyyat haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlara təklif olunan əlavələr və dəyişikliklərə də baxılmışdır. Bildirilmişdir ki, adları çəkilən qanunlara bir sıra redaktə xarakterli dəyişikliklər ediləcəkdir. Deputatlar bu sənədlərin də parlamentin müzakirəsinə çıxarılmasına razılıq vermişlər.