MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASINDA “HƏRBİ QULLUQÇULARIN İNTİZAM HƏBSİ HAQQINDA” QANUN QƏBUL OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri daimi komissiyasının sentyabrın 18-də keçirilmiş iclasında qurumun yaz və növbədənkənar sessiyalarındakı fəaliyyəti və 2008-ci il payız sessiyasının iş planı müzakirə olunmuşdur. Komissiyanın sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov demişdir ki, yaz və növbədənkənar sessiyalar dövründə komissiyada 11 məsələyə baxılmışdır. Payız sessiyasında isə “Hərbi qulluqçuların intizam həbsi haqqında”, “Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Sülhyaratma əməliyyatları haqqında” qanun layihələri hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunacaqdır. Bunlardan əlavə, qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan qanun layihələrinə baxılacaqdır.
İclasda “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin qərarına dəyişiklik edilməsi barədə”, “Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında”, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və “Sığorta haqqında” qanunun qüvvədən düşmüş hesab edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur. Deputatlar Əfqanıstandakı Azərbaycan əsgərlərinin sayının artırılmasının milli maraqlarımıza xidmət etdiyini vurğulamışlar. Sərhəd boyunca qaydaların pozulmasına görə tətbiq edilən sanksiyaların və cərimələrin məbləğinin çoxaldılması razılıqla qarşılanmışdır. Bildirilmişdir ki, “Sığorta fəaliyyəti haqqında” Qanun qəbul olunduğu üçün “Sığorta haqqında” qanuna ehtiyac yoxdur, ona görə də həmin qanun qüvvədən düşmüş hesab olunur.
Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin iclasına tövsiyə olunmuşdur.