MİLLİ OLİMPİYA KOMİTƏSİ AZƏRBAYCAN CÜDOÇULARINI MÜKAFATLANDIRMIŞDIR
Bakı, 17 sentyabr (AZƏRTAC). Bu gün Milli Olimpiya Komitəsində (MOK) gənclər arasında cüdo üzrə Yerevanda keçirilmiş Avropa çempionatında iştirak etmiş Azərbaycan yığma komandasının üzvlərinə - idmançılara və məşqçilərə pul mükafatları təqdim edilməsi mərasimi keçirilmişdir.
Xatırladaq ki, həmin yarışlarda Elmar Qasımov (100 kq) qızıl medala, İlqar Müşkiyev (55 kq) gümüş medala, Rasim Əsədullayev (60 kq), Fəğan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) bürünc medala layiq görülmüşdür.
Mükafatlandırma mərasimində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, Cüdo Federasiyasının vitse-prezidenti Asif Əsgərov, habelə məşqçilər, hakimlər, tanınmış idman mütəxəssisləri, idmançıların yaxınları iştirak etmişdir.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qeyd etmişdir ki, Yerevanda keçirilmiş Avropa çempionatında cüdoçularımızın uğurlu çıxışı təkcə idman aləmində deyil, siyasi arenada da geniş əks-səda doğurmuşdur. O qeyd etmişdir ki, bütün bu nailiyyətlər ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına dövlət qayğısı sayəsində, ölkə Prezidenti, Azərbaycan MOK-un başçısı İlham Əliyevin idmançılar üçün yaratdığı şərait sayəsində mümkün olmuşdur.
Milli Cüdo Federasiyasının rəhbəri Füzuli Ələkbərov qeyd etmişdir ki, Azərbaycan cüdoçuları yüksək hazırlıq səviyyəsinə malik olduqlarını tatami üzərində sübut etdilər. İdmançılar Vətənə qayıdandan sonra ölkə Prezidenti İlham Əliyev onları qəbul etmişdir. Prezidentin idmançılarla görüşdə qeyd etdiyi kimi, qitə birinciliyində qazanılmış qələbə “onu göstərir ki, gənclərimiz vətənpərvərlik ruhunda böyüyürlər, tərbiyə alırlar, dəyərli vətəndaşlar kimi Azərbaycanın şöhrətini artırırlar”.
Sonra mükafatlar təqdim edilmişdir. Çempionatdan Vətənə qızıl medalla dönmüş Elmar Qasımova 50 min manat, onun məşqçisi Əli Dərvişova 12.500 manat, birinciliyin gümüş mükafatçısı İlqar Müşkiyevə 40 min manat, onun məşqçisi Tərlan Həsənova 10 min manat pul mükafatı verilmişdir.
Bürünc medalçılar Rasim Əsədullayev, Fəğan Eminoğlu və Ramin Qurbanovun hərəsinə 30 min manat, onların məşqçiləri Rəşad Məmmədov, Ceyhun Əliyev və Əli Dərvişovun hər birinə 7500 manat təqdim edilmişdir. Azərbaycan yığma komandasının baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyev, həkim Kamil İsgəndərov və beynəlxalq dərəcəli hakim Taleh Məhərrəmov hərəyə 11 min manat mükafat almışlar.
######
![]() |
![]() |
![]() |


