MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
Tədbiri giriş sözü ilə açan nazir son illər ölkə idmanında gedən yüksək inkişaf proseslərinin davam etdiriləcəyini bildirərək, qarşıda duran əsas məqsədin idmançılarımızın 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında daha böyük uğur qazanması olduğunu vurğulamışdır.
A.Rəhimov ümumi işin nəticəsinin daha səmərəli olması üçün nazirliyin müvafiq strukturlarını federasiyalarla birgə fəal iş görməyə, rayonlarda istedadlı gənclərin aşkarlanaraq, idmana cəlb olunmasına, bölgələrdə gənclər təşkilatları ilə əlaqə yaradılmasına, bütün məsələlərin nazirliklə sıx təmasda həll edilməsinə çağırmışdır.
O, eyni zamanda, rəhbərlik etdiyi qurumun nümayəndələrinə kütləvi informasiya vasitələri ilə fəal münasibətlər saxlamağı tövsiyə etmişdir.
Daha sonra nazir hazırda Respublika Olimpiya Mərkəzinin təmir olunduğunu, bu yaxınlarda respublika oimpiya idman liseyində təmir işlərinə başlanacağını bildirmiş, Kürdəmir, Sabirabad, Ağdaş, Göyçay, Şərur, Sumqayıt, Salyan və digər şəhər və rayonlarda idman komplekslərinin tikiləcəyini, Lerikdə stadionun bərpa, Kürdəmirdə isə yeni stadionun inşa ediləcəyini açıqlamışdır.
Sonra, federasiya rəsmilərinin, idman təşkilatları rəhbərlərinin bu və ya digər məsələlərin həllinə dair müraciətləri dinlənilmişdir.