MİLLİ OLİMPİYA KOMİTƏSİNİN ƏDALƏTLİ OYUNLAR KOMİSSİYASI GƏNCƏDƏ REGİONAL SEMİNAR-MÜŞAVİRƏ KEÇİRMİŞDİR
Gəncə, 25 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası Gəncədə regional seminar-müşavirə keçirmişdir.
Avropa Ədalətli Oyunlar Hərəkatının 2010-cu ilin oktyabrında keçiriləcək növbəti konqresinə hazırlıqla bağlı maarifləndirmə işinin genişləndirilməsinə həsr olunmuş seminar-müşavirədə qərb bölgəsinin 9 rayonundan 50-dən artıq tanınmış idmançı və məşqçi iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə Gəncə Olimpiya-İdman Kompleksinin direktoru Sahib Rzayev açaraq son illər ölkə idmanının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açmış, seminar-müşavirənin əhəmiyyətini vurğulamışdır.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mövsüm Hüseynov müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komissiyasının sədri, MOK-un vitze-prezidenti Xəzər İsayev “Azərbaycanda olimpiya hərəkatı və ədalətli oyunlar haqqında”, komitənin aparıcı məsləhətçisi, “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev “Ədalətli oyunların mətbuatda işıqlandırılması”, Gəncə Olimpiya-İdman Kompleksinin direktoru Sahib Rzayev “Hakimlərin vəzifələri və səlahiyyətləri” mövzularında məruzələrlə çıxış etmiş, hər bir ölkədə idmanın inkişafında ədalətli oyunların əhəmiyyətindən danışmış, bu işdə hakimlərin ədalətli mövqeyinin vacibliyini diqqətə çatdırmışlar.
Seminar-müşavirə iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.
######
