İDMAN
Milli Paralimpiya komandamızın ilk heyəti Tokioda yerləşən Atletlər kəndinə gedib
Bakı, 20 avqust, AZƏRTAC
Milli Paralimpiya komandamızın ilk heyəti Tokioda yerləşən Atletlər kəndinə gedib.
AZƏRTAC xəbər verir ki, Yaponiyanın Şika şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edən üzgüçülük üzrə milli komandamız avqustun 20-də Atletlər kəndində yerləşiblər.
“Tokio-2020” Yay Paralimpiya Oyunlarının üzgüçülük yarışlarında ölkəmizi Vəli İsrafilov, Danna Şandıbina və Saleh Raman təmsil edəcəklər.
“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
Paralimpiadanın açılış mərasimi avqustun 24-də Tokio Milli Olimpiya Stadionunda keçiriləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.
Qeyd edək ki, XVI Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək Tokioda keçiriləcək.