SİYASƏT
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
MUZDLU DÖYÜŞÇÜLƏRİN YENİ DƏSTƏSİ YAXALANDI
Xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ötən il keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Kənan Şabanovun başçılığı ilə Çeçenstandakı qeyri-qanuni hərbi birləşmələrdə muzdlu döyüzçü qismində iştirak etmiş bir qrup Azərbaycan vətəndaşı yaxalanaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur.
2001-ci il dekabrın 29-da dəstənin axtarışda olan daha dörd üzvü - Rəşid Valeh oğlu Mustafayev, Emin Qulamhüseyn oğlu Əliyev, Məmməd Əli oğlu Məmmədov və Eldəniz Carçı oğlu Həsənov saxlanılmışdır. Həmin şəxslər Kənan Şabanovun və hazırda barəsində axtarış elan olunmuş Əlirza Məcid oğlu Babayevin vasitəçiliyi ilə çeçen yaraqlılarına məxsus hərbi düşərgələrdə təlim keçərək döyüş əməliyyatlarına cəlb edilmişlər.
Qrupun fəallarından Rəşid Mustafayev və Azər Misirxanov ötən il dekabrın 13-də hərbi düşərgədən qayıdaraq Azərbaycan ərazisinə qanunsuz keçməyə cəhd göstərmişlər. Sərhədçilər tərəfindən saxlanılan Azər Misirxanovun üzərindən 16 ədəd güllə, yaxalandığı əraziyə baxış zamanı isə ona məxsus 2 ədəd əl qumbarası aşkar edilmişdir. Qumbaralardan birini ələ keçirən Azər Misirxanov Şəmkir sərhəd dəstəsinin zabitini girov götürmüş, silah-sursat və avtomobillə təmin olunmasını, ölkədən kənara çıxmaq üçün əlverişli şərait yaradılmasını tələb etmişdir. Terrorçu ilə aparılan danışıqlardan sonra o, sərhədçilərə təslim olmuşdur.
Rəşid Mustafayev vəziyyətdən yararlanaraq qaça bilmiş, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin taqım komandiri Firdovsi İbrahim oğlu Cəfərovun razılığı ilə onun yaşadığı mənzildə gizlənmişdir.
Toplanmış materiallar cinayət işi üzrə istintaqın davam etdirilməsi üçün respublika Hərbi prokurorluğuna göndərilmişdir.