MİLLİ TELEVİZİYA VƏ RADİO ŞURASININ BİR İLLİYİ QEYD EDİLDİ
Milli Məclis deputatlarının, KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Şuranın sədri Nuşirəvan Məhərrəmov ötən müddət ərzində görülmüş işlər haqqında məlumat vermişdir. O bildirmişdir ki, hazırda respublikada mövcud olan 14 televiziya kanalının 4-ü Bakı şəhərində, qalanı isə regionlarda fəaliyyət göstərir. İctimai televiziya haqqında da Qanun qəbul edilmişdir.
N.Məhərrəmov Şuranın fəaliyyət istiqamətlərindən danışarkən demişdir ki, əsasən milli-mənəvi dəyərlərə əməl olunmasına, Azərbaycan dilinin tətbiqinə və reklama diqqət yetirilir. Belə ki, bəzi teleradio aparıcıları Azərbaycan dilinin ədəbi normalarını pozurlar, müvafiq qanunvericilik sənədlərində boşluqlar qalmaqdadır, bir çox televiziyaların lisenziyalarının vaxtı ötmüş, bəzilərinin isə lisenziyası yoxdur.
Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin bölmə müdiri Ərəstun Mehdiyev, Milli Məclisin deputatları Yaqub Mahmudov, Aydın Mirzəzadə, “Space” televiziyasının prezidenti Etibar Babayev, BDU-nun kafedra müdiri, Milli Mətbuat Şurasının üzvü Cahangir Məmmədli, AzTV-nin təmsilçisi Qulu Məhərrəmli və başqaları çıxış etmişlər. Onlar ekran və mənəvi əxlaq məsələsini xüsusi vurğulamış, çoxmənzilli binalar tikilərkən kabel və peyk televiziyası üçün şəbəkənin nəzərə alınmamasını nöqsan tutmuşdur.