Millinin keçmiş üzvü: Türkiyə çempionatı azərbaycanlı futbolçular üçün tramplin ola bilər
Bakı, 16 yanvar, AZƏRTAC
“Sevindirici haldır ki, Türkiyə klubları azərbaycanlı futbolçuları transfer edirlər”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev son vaxtlar yerli oyunçuların Türkiyənin I Liqasına üz tutmaları barədə danışarkən deyib.
Hazırda Azərbaycan II Liqasında “Kür-Araz”ın formasını geyinən 34 yaşlı oyunçu Türkiyənin aşağı dəstəsində oyunların hər zaman maraqlı və gərgin keçdiyini bildirib: “Bəzi insanlar bu çempionatın zəif olduğunu düşünə bilərlər. Amma qətiyyən belə deyil. Oradakı komandalar bir-birləri ilə başabaş mübarizə aparırlar. Azarkeş dəstəyi də çox güclü olur. Açığı, bu liqa digər çempionatlardan geri qalmır. Bizim futbolçuların inkişafına müsbət təsir edəcəyini düşünürəm”.
Onun sözlərinə görə, azərbaycanlı futbolçuların Türkiyə çempionatına getməsinin səbəbi iki ölkənin bir-birinə sıx bağlı olmasıdır: “Bilirsiniz ki, Azərbaycan dil, din və mentalitetlə bağlı bir çox məsələdə Türkiyə ilə eynidir. Həm də biz bir millət, iki dövlətik. Düşünürəm ki, buna görə futbolçulara orada oynamaq rahatdır”.
C.İmamverdiyev Türkiyə I Liqasının azərbaycanlı futbolçular üçün tramplin rolunu oynayacağını söyləyib: “Məsələn, “Kocaelispor”a keçən Ramil Şeydayevin çıxış etdiyi Tailand çempionatı Türkiyə liqasından üstün deyil. Hazırda Avropa klublarının da gözü Türkiyə çempionatındadır. Açığı, “Elazğıspor”dan ayrıldıqdan sonra I Liqanı, demək olar ki, izləmirəm. Yalnız Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor”un matçlarını baxıram. Coşqun həqiqətən yaxşı formadadır. Bütün futbolçularmıza uğurlar arzulayıram”.
Qeyd edək ki, hazırda azərbaycanlı futbolçulardan Vüsal İsgəndərli “Boluspor”da, Bəxtiyar Həsənalızadə “Tuzlaspor”da, Coşqun Diniyev “Ümraniyəspor”da, Sərtan Taşkın “Manisaspor”da çıxış edir. “Kocaelispor” klubu isə Ramil Şeydayevin transferini rəsmi olaraq aşıqlamasa da, 27 yaşlı hücumçu ilə anlaşıb.