Milo Cukanoviç: Nizami Gəncəvi Mərkəzi aparıcı beynəlxalq instituta çevrilib
Bakı, 14 dekabr, AZƏRTAC
Monteneqro Respublikasının Prezidenti Milo Cukanoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı Prezident M.Cukanoviçə mərkəzin cari il ərzindəki fəaliyyəti, həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı təşəbbüslərin dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqişələrin həlli yolları ilə bağlı irəli sürülən ideya, təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Prezident M.Cukanoviç vurğulayıb ki, 10 il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal məsələlərin müzakirə edildiyi və geniş beynəlxalq birliyi öz sıralarına qata bilən aparıcı beynəlxalq institutlardan birinə çevrilib. Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə hər il keçirilən Qlobal Bakı Forumu beynəlxalq aparıcı forumlar sırasında yüksək yer tutub.
Monteneqro Prezidentinə X Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə də məlumat verilib. Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami Gəncəvinin 880 illiyi çərçivəsində nəşr etdiyi "Qələmin Sehri Nizami Gəncəvinin Xəmsəsindən Seçilmiş miniatürlər" kitabı və Mərkəzin onilliyinə həsr olunmuş xatirə hədiyyəsi təqdim edilib.