İDMAN
MİNGƏÇEVİR KÜR OLİMPİYA MƏŞQ MƏRKƏZİNDƏ YENİDƏNQURMA İŞLƏRİ DAVAM EDİR
Bakı, 9 sentyabr (AZƏRTAC). Mingəçevir “Kür” Olimpiya tədris-idman mərkəzinin müasir standartlara uyğun yenidən qurulması işləri davam etdirilir.
Mərkəzə daxil olan mehmanxana, üzgüçülük hovuzu, idman zalı, inzibati və yardımçı binaların tikintisində ən müasir texnologiyalardan istifadə olunur.
Mərkəzin yenidənqurulmasına 2006-cı ildən başlanılmışdır. Ötən dövrdə bazanın bütün köhnə binaları sökülmüş və yeniləri inşa olunmuşdur. İnzibati binada, 250 yerlik 6 mərtəbəli mehmanxanada, üstüörtülü üzgüçülük hovuzunda, anqarlarda və yardımçı qurğularda tikinti işləri demək olar ki, başa çatdırılmışdır. Su, qaz və kanalizasiya xətləri çəkilmişdir.
Hazırda sahəsi 1080 kvadratmetr olan idman zalının dam örtüyü vurulur, üzgüçülük hovuzunda xüsusi qurğular quraşdırılır, transformator yarımstansiyası, qazanxana binası və 2 kottec tikilir.
Hakimlər üçün nəzərdə tutulan qüllənin inşası da başa çatmaq üzrədir. Hündürlüyü 32 metr olan qüllədə restoran da fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, açıq havada yarışları izləyəcək tamaşaçılar üçün oturacaqların quraşdırılmasına başlanılmışdır.
Hazırda tikintidə təxminən 350 nəfər çalışır. Onlardan 100 nəfəri serbiyalı mütəxəssislərdir. Kür çayı qışda donmadığından, bu yerlərin havası küləksiz və mülayim olduğundan, təlim-məşq məntəqəsi kimi Mingəçevir “Kür” Avarçəkmə Bazasının postsovet məkanında analoqu yox idi. Ona görə də MDB ölkələrinin, eləcə də Türkiyə və İranın avarçəkmə federasiyaları Mingəçevirdə təlim-məşq toplanışları keçirmək istəklərini indidən bildirmişlər.